BAKI, 6 iyul. TELEQRAF

Ağ Evin Cənub hissəsində yerləşən çəmənliyin ərazisində helikopter meydançası tikilir.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp mövzu ilə bağlı jurnalistlərin sualları cavablandırarkən bu barədə bildirib.

Trampın sözlərinə görə, ABŞ liderlərini daşımaq üçün istifadə olunan helikopterləri istehsal edən "Sikorsky" şirkəti təxminən 5-6 milyon dollar dəyərində olan obyektin tikintisinin bütün xərclərini ödəyəcək:

"Onlar bütün xərcləri öz üzərlərinə götürəcəklər", - deyə Tramp əmin edib.

Onun təqdim etdiyi detallara görə, meydança qranitdən hazırlanacaq və bu, helikopterlərin qalxması, eləcə də enişi zamanı Cənubi Çəmənliyə zərər dəyməsinin qarşısını alacaq.

Vaşinqtonda ABŞ prezidentinin iqamətgahının ərazisində yeni bir banket zalı da inşa edilir. Plana əsasən, zalın sahəsi bütün Ağ Evin sahəsindən təxminən iki dəfə böyük olacaq. Belə ki, yeni tikilinin təxminən 8300 kvadratmetr ərazini əhatə edəcəyi gözlənilir, Ağ Evin sahəsi isə təxminən 5100 kvadratmetrdir. Zal 1000 nəfəri qəbul edə biləcək, halbuki Ağ Evdə ən böyük otaq hesab edilən Şərq Zalına (East Room) cəmi 200-ə yaxın insan yerləşir.

Qeyd edək ki, banket zalının tikintisi ilə bağlı son bir neçə aydır hazırlıq işləri aparılır.