BAKI, 6 iyul. TELEQRAF

Avropa Komissiyası (AK) daxili islahat prosesinin bir hissəsi olaraq xarici siyasət departamentlərinin gücləndirilməsi variantlarını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Təklifdə bir neçə departamentin vahid, güclü xarici əlaqələr departamentində birləşdirilməsi nəzərdə tutulur.

Nəşrin yazdığına görə, bura Ticarət Baş Direktorluğundan və Yaxın Şərq, Şimali Afrika Siyasəti Baş Direktorluğundan strukturlar tam və ya qismən daxil ola bilər. Planın qismən təfərrüatlarının 13 iyulda keçiriləcək iclasda AK heyətinə təqdim edilməsi gözlənilir.

"Politico" əvvəllər Avropa Komissiyasının regional və sosial fondları idarə etmək üçün İnvestisiya Baş Direktorluğunun yaradılmasını nəzərdən keçirdiyini bildirmişdi ki, bu da Komissiya prezidenti Ursula fon der Leyenin Aİ rəhbərliyi daxilində təsirini gücləndirəcək. Nəşr qeyd edir ki, yeni bölmə ilə bağlı müzakirələr Aİ-nin ən qədim qurumlarından biri olan Regional və Şəhər Siyasəti Baş Direktorluğunun ləğvi ilə bağlıdır.