BAKI, 6 iyul. TELEQRAF

Rusiya ordusunun Kiyevə həyata keçirdiyi növbəti genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumu nəticəsində azı 7 nəfər həlak olub, 24 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın dövlət xəbər agentliyi "Ukrinform" Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko və şəhər meri Vitali Kliçkoya istinadən məlumat yayıb.

Məlumata görə, hava hücumu 3 saat 56 dəqiqə davam edib və yerli vaxtla saat 05:09-da başa çatıb.

Xilasetmə əməliyyatları davam etdikcə ölənlərin sayı artıb. Əvvəlcə üç nəfərin həlak olduğu bildirilsə də, daha sonra dağıntılar altından əlavə meyitlərin çıxarılması ilə qurbanların sayı 7 nəfərə çatıb. Yaralananların sayı isə 24 nəfərdir.

Ən ciddi dağıntılar Podolski rayonunda qeydə alınıb. Hücum və dağıntılar nəticəsində dörd yaşayış binasında yanğın baş verib. Çoxmənzilli binalardan birində qismən uçqun olub, bəzi sakinlər mərtəbələr arasında köməksiz vəziyyətdə qalıblar.

Xilasedicilər zədələnmiş binadan 15 nəfəri, o cümlədən üç qadın və altı uşağı təxliyə ediblər. Dağıntılar altında qalanların axtarışı davam etdirilir.

Bundan başqa, 25 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsi zədələnib, qeyri-yaşayış obyektlərində yanğınlar baş verib, avtomobillər və qarajlar dağılıb.

Darnitski rayonunda da bir neçə çoxmərtəbəli yaşayış binasına ziyan dəyib, bəzi ərazilərdə dağıntılar yanğınlara səbəb olub. Qoloseyevski rayonunda isə yaşayış binasında, anbarda və digər obyektlərdə yanğınlar qeydə alınıb.

Fövqəladə hallar xidmətlərinin əməkdaşları gecə boyu şəhərin müxtəlif hissələrində xilasetmə və yanğınsöndürmə işlərini davam etdiriblər.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski hücumdan əvvəl kəşfiyyat məlumatlarına əsaslanaraq Rusiyanın Ukraynaya qarşı yeni genişmiqyaslı hücuma hazırlaşdığı barədə xəbərdarlıq etmişdi.