BAKI, 6 iyul. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçiriləcək NATO sammitində Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin tezliklə bərpasına çağıracaq.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, iyulun 7-8-də Türkiyə paytaxtında baş tutacaq sammit çərçivəsində Ərdoğan digər ölkə liderləri ilə ikitərəfli görüşlər keçirəcək və həmin görüşlərdə danışıqlar prosesinin yenidən başlanmasının vacibliyini vurğulayacaq.
“Türkiyə dayanıqlı sülhə nail olmağın yeganə yolunun diplomatik həll olduğunu hesab edir”, – deyə mənbə bildirib.
Qeyd edək ki, daha əvvəl CNN telekanalı Ağ Evə istinadən ABŞ Prezidenti Donald Trampın NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə ikitərəfli görüş keçirəcəyini yazıb.
Bundan başqa, "Reuters" agentliyinin məlumatına görə, Tramp Zelenski ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə də telefon danışığı aparmağı planlaşdırır.