BAKI, 5 iyul. TELEQRAF

Türkiyənin Qara dəniz sahilində tapılan pilotsuz uçuş aparatının hərbi təyinatlı ola biləcəyi ehtimal edilir.

Teleqraf xəbər verir ki, bu barədə IHA agentliyi məlumat yayıb.

Bildirilib ki, pilotsuz uçuş aparatı Türkiyənin şimalındakı Filyos şəhərinin sakinləri tərəfindən Qara dəniz sahilində aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xüsusi xidmət nümayəndələri və istehkamçılar cəlb olunublar. Onlar pilotsuz uçuş aparatını müayinə edirlər.

İlkin ehtimallara görə, aparat hərbi təyinatlı ola bilər. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Türkiyənin xüsusi xidmət orqanları pilotsuz uçuş aparatının hansı ölkəyə məxsus olduğunu müəyyənləşdirmək üçün texniki ekspertiza aparır. Eyni zamanda, onun Qara dənizə necə düşdüyü də araşdırılır.