BAKI, 5 iyul. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Böyük Britaniyada baş nazirlərin tez-tez dəyişməsinin ölkə siyasətində ciddi problemlərin göstəricisi olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Cey Di Vens bu fikirləri "The Times" qəzetinə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, son bir neçə ildə Böyük Britaniyada altı baş nazirin dəyişməsi ölkənin siyasi sistemində ciddi problemlərin olduğunu göstərir.
"Son bir neçə ildə altı baş nazirin dəyişdiyini görürəm. Bu, mənə Böyük Britaniya siyasətində nəyinsə ciddi şəkildə işləmədiyini və insanların həqiqətən əsaslı struktur dəyişiklikləri tələb etdiyini göstərir", - deyə Vens bildirib.
ABŞ vitse-prezidenti əlavə edib ki, Böyük Britaniya rəhbərliyi uzun illər ərzində ölkənin gözləntilərini doğrultmayıb və mövcud vəziyyətdən daha yaxşı nəticələr əldə etmək mümkündür.
Vens, həmçinin bildirib ki, Böyük Mançesterin sabiq meri Endi Börnem və ya başqa bir siyasətçinin ölkədə zəruri islahatları həyata keçirəcəyinə ümid edir.