BAKI, 5 iyul. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə yayımladığı təbrik mesajında Vaşinqton və Təl-Əvivin ortaq taleyə malik olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Benyamin Netanyahu bununla bağlı "X" sosial şəbəkəsində videomüraciət yayımlayıb.
İsrailin baş naziri ABŞ Prezidenti Donald Trampı və Amerika xalqını "əziz dostlar" adlandıraraq iki ölkə arasında möhkəm bağların olduğunu vurğulayıb.
"Fərqli qitələrdə yaşasaq da, aramızda güclü bağ var, çünki bizim ortaq taleyimiz var. Azadlığın heç vaxt asan əldə edilmədiyini bilirik. Onu daim qorumaq lazımdır", - deyə Netanyahu bildirib.
O qeyd edib ki, ABŞ müasir dünyanın tanıdığı ən böyük azadlıq güclərindən biridir və İsrail bu ölkə ilə eyni cəbhədə dayanmaqdan qürur duyur.
Netanyahu həmçinin iddia edib ki, ABŞ və İsrailin müdafiə etdiyi dəyərlər hazırda təhdid altındadır.
"Amerika və İsrail birlikdə olduqda azadlıq daha da güclənir. Birlikdə azadlığı və ortaq sivilizasiyamızı qoruyuruq", - deyə o əlavə edib.