BAKI, 4 iyul. TELEQRAF
Rusiyanın Ukraynanın şimalındakı Sumı şəhərinə endirdiyi aviasiya zərbələri nəticəsində azı 4 nəfər həlak olub, 27 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Sumı vilayətinin rəhbəri Oleh Hrihorov məlumat verib.
Onun sözlərinə görə, zərbə şəhər mərkəzinə endirilib. Hücum nəticəsində yaşayış binası, mağaza və küçə ciddi ziyan görüb. Ölənlər arasında 5 yaşlı uşaq və onun anası da var. Yaralılardan biri - 13 yaşlı yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski hadisədən sonra dağıntıların görüntülərini paylaşaraq beynəlxalq tərəfdaşları Rusiyaya təzyiqi artırmağa çağırıb.
Məlumata görə, gün ərzində Sumı vilayətinin digər əraziləri, eləcə də cəbhə xəttinə yaxın bölgələr də hücuma məruz qalıb. Nəticədə ümumilikdə azı 6 nəfər həyatını itirib.
Dnepropetrovsk vilayətində pilotsuz uçuş aparatları, artilleriya və aviasiya bombaları ilə həyata keçirilən 50-dən çox hücum nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
Bundan başqa, Zaporojye şəhərinə endirilən zərbələr zamanı 2 nəfər həlak olub, 21 nəfər xəsarət alıb. Vilayət rəhbəri İvan Fedorov axşam saatlarında şəhərə yeni hücumların həyata keçirildiyini bildirib.
Qeyd edək ki, Kiyevdə bir gün əvvəl baş vermiş və azı 30 nəfərin ölümünə səbəb olmuş raket və pilotsuz aparat hücumundan sonra matəm elan edilib. Bu hücum 2026-cı ildə paytaxta qarşı ən ölümcül zərbə hesab olunur.