BAKI, 4 iyul. TELEQRAF
Braziliya Ali Məhkəməsinin hakimi Aleşandre de Moraes ölkənin sabiq prezidenti Jair Bolsonaronun səhhətindəki problemləri nəzərə alaraq onun ev dustaqlığında qalmasına icazə verib.
Teleqraf "Resters"ə istinadən xəbər verir ki, məhkəmə qərarında bildirilir ki, hazırkı mərhələdə humanitar əsaslarla tətbiq edilən ev dustaqlığının davam etdirilməsi məqsədəuyğun və proporsional hesab olunur.
71 yaşlı Bolsonaro 2022-ci il prezident seçkilərində məğlub olduqdan sonra dövlət çevrilişinə cəhd planlaşdırmaqda təqsirli bilinib və 2025-ci ilin noyabrından 27 illik həbs cəzası çəkir.
Müdafiə tərəfi sabiq prezidentin ev şəraitində daha yaxşı tibbi yardım ala biləcəyini əsas gətirərək onun ev dustaqlığında saxlanılmasını istəyib. Məhkəmə bu arqumenti nəzərə alıb.
Qeyd olunur ki, Bolsonaro 2018-ci ildə seçki kampaniyası zamanı bıçaqlı hücuma məruz qaldıqdan sonra ciddi sağlamlıq problemləri yaşayır.
Hakim Moraes mart ayında pnevmoniyanın ağır forması səbəbindən xəstəxanaya yerləşdirilən sabiq prezidentin 90 gün müddətinə ev dustaqlığında qalmasına icazə vermişdi.
Son qərar Bolsonaronun mühafizəçilərindən birinin üzərində ona məxsus odlu silahın aşkarlanmasından sonra verilib. Bununla bağlı araşdırma aparılsa da, məhkəmə sabiq prezidentin ev dustaqlığı müddətində ciddi qayda pozuntusuna yol verdiyini təsdiqləyən sübutların olmadığını bildirib.
Braziliyanın baş prokuroru Paulo Qonet da daha əvvəl Bolsonaronun ev dustaqlığında qalmasını tövsiyə etmişdi.