BAKI, 4 iyul. TELEQRAF

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı Vaşinqtonun ona qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılması məsələsini müzakirə edib.

Teleqraf xəbər verir ki, Petro sosial şəbəkədə yazıb ki, Tramp onun və ailə üzvlərinin hələ də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sanksiya siyahısında olduğunu bilməyib.

“Buna təəccübləndi və bu məsələ ilə bağlı addım atacağına söz verdi”, - deyə Kolumbiya lideri bildirib.

Kolumbiya Prezident Administrasiyasının məlumatına görə, telefon danışığı zamanı Petro kokanın xammalı hesab olunan koka yarpaqlarının əkin sahələrinin azaldılması istiqamətində əldə olunan nəticələr barədə də məlumat verib. O qeyd edib ki, hökumət qadağan olunmuş kənd təsərrüfatı bitkilərinin könüllü şəkildə becərilməsindən imtina proqramını həyata keçirir.

Petro həmçinin ölkənin seçilmiş prezidenti Abelardo de la Espriyelyanın hökuməti ilə dialoqa hazır olduğunu vurğulayıb.

Məlumata görə, söhbətin sonunda Tramp Kolumbiya prezidentinə təşəkkür edib və gələcəkdə müxtəlif mövzular ətrafında müzakirələrin davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 2025-ci ilin oktyabrında Qustavo Petro, onun həyat yoldaşı və oğluna qarşı sanksiyalar tətbiq olunduğunu açıqlamışdı.