BAKI, 4 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp keçmiş Prezident Co Bayden administrasiyası dövründə irəli sürülən ittihamlarla cəzalandırılmış altı ABŞ vətəndaşını əfv edib.
Teleqraf xəbər verir ki, Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamada bildirib ki, sözügedən şəxslər avtomobillərinin təmiri ilə bağlı fəaliyyətlərinə görə təqib olunub və həbs cəzası çəkib və ya cəza çəkməyə hazırlaşıblar.
ABŞ lideri qeyd edib ki, onların əfv edilməsi barədə sərəncam imzalayıb. O, həmçinin Bayden administrasiyasını qanunvericilikdən vətəndaşlara təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edib və bu siyasəti tənqid edib.
Məlumata görə, Tramp iyunun sonunda ABŞ vətəndaşlarının şəxsi nəqliyyat vasitələrinin təmiri ilə bağlı hüquqlarını genişləndirən fərman da imzalayıb. Bildirilir ki, Bayden administrasiyası ətraf mühitin qorunması məqsədilə avtomobil təmiri qaydalarını sərtləşdirmiş, bəzi işlərin yalnız rəsmi servis mərkəzlərində və avtomobil emalatxanalarında aparılmasını tələb etmişdi.