BAKI, 4 iyul. TELEQRAF

Suriyanın Homs əyalətində yerləşən T-4 hərbi aerodromunun yaxınlığında baş verən mina partlayışı beş nəfərin həyatına son qoyub.

Teleqraf xəbər verir ki, bu barədə əyalətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Suriya ordusunun mühəndis bölmələri Homs-Palmira magistralında planlı yoxlama apararkən həlak olan şəxslərin meyitlərini aşkar ediblər.

İlkin məlumata görə, həmin şəxslər bir neçə gün əvvəl aerodromun ətrafındakı qadağan olunmuş əraziyə daxil olublar və minanın partlaması nəticəsində həlak olublar.

Qeyd edək ki, iyunun 27-də də eyni ərazidə mina partlayışı baş verib, nəticədə bir uşaq həlak olub, daha iki nəfər isə yaralanıb.