BAKI, 19 iyun. TELEQRAF
Argentina aktrisası və teleaparıcısı Florensiya Penya futbol üzrə Argentina millisinin kapitanı Lionel Messinin ailəsindən atasının ölümü ilə bağlı yalan məlumat yaydığı üçün üzr istəyib.
Teleqraf xəbər verir ki, bu barədə Penya "X" sosial şəbəkəsində paylaşım edib.
Bundan əvvəl TASS Jorge Messinin səhhətində problemlər səbəbindən müalicə aldığını, lakin vəziyyətinin qənaətbəxş olduğunu bildirmişdi. İyunun 17-də "La Opinion" qəzeti Messinin dünya çempionatında Əlcəzairlə oyunda (3:0) ilk qoldan sonra göz yaşlarına boğulmasının atasının xəstəliyi ilə əlaqədar ola biləcəyini yazmışdı.
Florensiya Penya paylaşımında ailədən üzr istəyərək yayılan məlumatın həqiqətə uyğun olmadığını etiraf edib.
"Messi ailəsindən yaşadıqları bu ağır anlara görə üzr istəyirəm. Onlara bu ağrını yaşatdığım üçün çox utanıram. Mənə canlı yayım zamanı prodüserlər tərəfindən guya təsdiqlənmiş yanlış məlumat verildi. Buna baxmayaraq, məsuliyyəti öz üzərimə götürürəm. Səhv etmişəm və ürəkdən üzr istəyirəm", - deyə o bildirib.
Bundan əvvəl Messi ailəsi yaydığı bəyanatda bəzi şəxslərin ailənin tamamilə şəxsi məsələsinə həssaslıq və hörmət göstərməməsindən narahat olduqlarını bildirərək ictimaiyyəti vəziyyətə anlayışla yanaşmağa çağırmışdı.