BAKI, 8 iyun. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən yaydığı məlumata görə, tərəflər regionda yaranmış son gərginliyi və İranla ABŞ arasında davam edən danışıqların vəziyyətini müzakirə ediblər.
Mənbənin sözlərinə görə, telefon danışığı iyunun 7-də baş tutub.
"Danışıq zamanı regionda bu gün yaşanan gərginlik və İranla ABŞ arasında davam edən danışıqlar çərçivəsində mövcud vəziyyət müzakirə olunub", - məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin Livana zərbələr endirmək üçün istifadə olunduğunu iddia etdiyi Ramat-David aviabazasına hücum həyata keçirdiyini açıqlayıb.
SEPAH raketlərin İsrailin Livanın cənubunda həyata keçirdiyi hücumlara cavab olaraq buraxıldığını bildirib.
İsrail Ordusunun mətbuat xidməti isə İran ərazisindən raket buraxılışlarının qeydə alındığını təsdiqləyib.