BAKI, 28 iyul. TELEQRAF
İsveçrə Federal Cinayət Məhkəməsi Cenevrədə yerləşən “Lombard Odier” Bankını Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ilə əlaqəli çirkli pulların yuyulmasına kömək etməkdə günahkar bilib və ona 3 milyon frank (3,68 milyon dollar) məbləğində cərimə tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.
Məhkəmənin izahatına görə, “Lombard Odier”ə cərimə tətbiq etmək qərarı bankın çirkli pulların yuyulmasının qarşısını almaq üçün bütün zəruri və müvafiq təşkilati tədbirləri görməməsi səbəbindən verilib.
Lombard Odier şirkətinin keçmiş əməkdaşı (sənədlərdə C. kimi qeyd olunur) 24 ay şərti həbs cəzasına məhkum olunub.
Məhkəmə qərarına əsasən, 400 milyon frankdan çox dəyərində aktivlər də müsadirə olunacaq.
Bank və keçmiş əməkdaşına hökm çıxararkən, məhkəmə 2011-ci ilin iyul ayından əvvəlki hadisələri iddia müddətinin bitməsi səbəbindən ittiham aktından çıxarıb.
Məhkəmə qərarına cavab olaraq “Lombard Odier” bildirib ki, cinayət işi 2012-ci ildə bankın özü şübhəli əməliyyatlar barədə hüquq-mühafizə orqanlarına məlumat verdiyi üçün başlanıb. Bank qeyd edib ki, həmin vaxt çirkli pulların yuyulmasına qarşı effektiv daxili nəzarət sistemləri mövcud olub. Qurum məhkəmə qərarından apelyasiya şikayəti verəcəyini açıqlayıb.
Prokurorlar tərəfindən bu iş üzrə təqdim edilən ittiham aktında Gülnarə Kərimova rüşvətxorluqda, “Ofis” adlı mütəşəkkil cinayətkar təşkilata rəhbərlik etməkdə və 2005-2013-cü illərdə İsveçrədəki hesablara köçürülərək milyonlarla dollarlıq qanunsuz yolla əldə edilmiş vəsaitlərin yuyulmasında ittiham olunur.
Hazırda Özbəkistanda korrupsiya ittihamları ilə cəza çəkən Kərimova bütün ittihamları rədd edib.
İsveçrə Federal Cinayət Məhkəməsində proses bu ilin aprel ayında başlayıb. İlk dinləmələr zamanı işin Gülnarə Kərimova ilə bağlı hissəsi onun məhkəmədə iştirak etməməsi səbəbindən dayandırılıb.