BAKI, 28 iyul. TELEQRAF
Son illər beynəlxalq münasibətlər sistemi əhəmiyyətli dəyişikliklərlə və liberal prinsiplərə əsaslanan ənənəvi qloballaşma modelinin böhranı ilə müşayiət olunur. Halbuki, bir neçə onillik ərzində liberal qlobalizm Qərb dövlətləri tərəfindən siyasi, iqtisadi və sosial inkişafın universal modeli kimi qəbul edilirdi.
Lakin müasir qlobal proseslər həm Qərbdə, həm də ondan kənarda bu konsepsiyaya qarşı artan narazılığı nümayiş etdirir. Dövlətlər arasında ziddiyyətlər güclənir, milli suverenliyin əhəmiyyəti artır və ənənəvi dəyərlər yenidən daxili və xarici siyasətdə mühüm amilə çevrilir.
Liberal qlobalizm azad bazarlar, açıq sərhədlər, demokratik dəyərlərin universallığı və milli dövlətlərin rolunun tədricən azalması ideyaları üzərində qurulmuşdu. Bu zaman iqtisadi qarşılıqlı asılılığın və vahid siyasi standartların yayılması qlobal birliyin davamlı inkişafını təmin edəcəyi iidiası irəli sürülürdü.
Lakin, son onilliklərin təcrübəsi bu modellə bağlı çoxsaylı problemləri üzə çıxarıb. İqtisadi qloballaşma sosial bərabərsizliyin artmasına, ayrı-ayrı ölkələrin sənayeləşmə prosesindən çıxmasına, milli iqtisadiyyatların transmilli korporasiyalardan və beynəlxalq maliyyə institutlarından artan asılılığına səbəb oldu. Eyni zamanda, güclənən miqrasiya Avropa ölkələrində ciddi siyasi və sosial münaqişələrin mənbəyinə çevrildi.
Getdikcə daha çox siyasətçi və ekspert sosial dəyərlərin universallaşmasının müxtəlif cəmiyyətlərin mədəni, tarixi və milli xüsusiyyətlərinə etinasızlıqla müşayiət olunduğunu vurğulayır. Nəticədə, ənənəvi siyasi institutlara etimad böhranı güclənir və milli suverenliyin qorunmasını müdafiə edən siyasi qüvvələrin populyarlığı artır.
Liberal qlobalizmin ən mübahisəli aspektlərindən biri sosial dəyərlər sisteminin transformasiyasıdır. Tənqidçilərin fikrincə, yeni sosial normaların fəal şəkildə təşviqi ənənəvi ailənin, milli kimliyin və mədəni irsin əhəmiyyətinin tədricən zəifləməsi ilə müşayiət olunur.
LGBT gündəliyinin, demək olar ki, az qala zorla təbliği və təşviqi xüsusilə böyük narazılıq doğurur. Bir çox ölkələrdə, xüsusilə də ənənvi dəyərlərin qorunduğu cəmiyyətlərdə insanların çoxu bu cür təşəbbüslərə dövlət dəstəyini vətəndaş hüquqlarının genişləndirilməsi kimi deyil, əhalinin əksəriyyətinə müəyyən bir ideologiyanı qəbul etdirmək cəhdi kimi qiymətləndirir. Bu cür proseslər siyasi qütbləşmə mənbəyinə çevrilir və etiraz əhval-ruhiyyəsini artırır. Belə ki, liberal qlobalizm siyasəti ümumiyyətlə ailə institutunun nüfuzuna ciddi zərbə vurur və ənənəvi ailə anlayşının iflasa uğraması təndənsiyasını gücləndirir.
Eyni zamanda, liberal qlobalizmdə milli dövlətin müstəqil qərar qəbuletmə mərkəzi kimi rolu azaldılır. Səlahiyyətin əhəmiyyətli bir hissəsi millətlərarası strukturlara ötürülür ki, bu da dövlət suverenliyinin tərəfdarlarının tənqidinə səbəb olur. Çünki son nəticədə milli dövlətlər anlayışının gündəmdən çıxması təhlükəsi yaranır. Bu baxımdan, dövlətlərin öz daxili və xarici siyasətlərini müstəqil şəkildə müəyyən etmək hüququnun bərpa olunması zərurəti ilə bağlı artan mövae vəhdəti formalaşıb.
ABŞ və onun avropalı müttəfiqləri arasındakı münasibətlərdə son vaxtlar nəzərə çarpan ciddi dəyişikliklər də Qərb modelinin böhran içində olduğunu sərgiləyir. Davamlı hərbi-siyasi tərəfdaşlığa baxmayaraq, iki tərəf arasında ciddi ideoloji fikir ayrılıqları artır.
Hələ 2025-ci ilin fevralında ABŞ vitse-prezidenti Cey Di Vensin 2025-ci ilin Münhen Təhlükəsizlik Konfransında çıxışı Avropada ciddi təşviş və narazılıq yaratdı. Çıxışında Avropa rəhbərliyini sərt tənqid atəşinə tutan Cey Di Vens onu söz azadlığını məhdudlaşdırmaqda, siyasi senzura mexanizmlərindən istifadə etməkdə və demokratik prinsiplərdən geri çəkilməkdə ittiham etdi. Onun sözlərinə görə, Avropa demokratiyasına qarşı əsas təhdidlər xarici təsirlər deyil, Avropa elitalarının özlərinin daxili siyasəti ilə formalaşır.
ABŞ vitse-prezidenti kütləvi miqrasiya, ictimai müzakirə azadlığının məhdudlaşdırılması, hökumətin informasiya məkanına müdaxiləsi və demokratik institutlara inamın azalması məsələlərinə xüsusi diqqət yetirdi. Vens həmçinin müəyyən siyasi qüvvələrin ictimai müzakirələrdən kənarlaşdırılması praktikasına qarşı çıxdı və demokratik ifadənin nəticələrinə hörmət etməyin vacibliyini vurğuladı.
Bir çox analitik bu çıxışı kollektiv Qərb daxilində ideoloji qarşıdurmanın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirdi. Avropa siyasi elitaları liberal qlobalizm kursuna sadiq qalmağa davam etsə də, yeni Amerika administrasiyası milli suverenliyin, ənənəvi dəyərlərin və siyasi müzakirə azadlığının əhəmiyyətini gücləndirmək istəyini nümayiş etdirir.
Qərb modelinin böhranı fonunda rəsmi Pekinin xarici siyasət strategiyası xüsusi maraq doğurur. Əksər Qərb ölkələrindən fərqli olaraq, liberal qlobalizm ehkamlarına qapanmayan Çinin inkişaf modeli bazar mexanizmlərinin və dövlətin iqtisadiyyatda aktiv rolunun kombinasiyasına əsaslanır.
Çin rəhbərliyi yüksək iqtisadi artım templərinə nail olmağa və qlobal qeyri-sabitlik qarşısında milli iqtisadiyyatın sabitliyini qorumağa imkan verən dövlət strateji planlaşdırmasından imtina etmir. Eyni zamanda, Çin mövcud beynəlxalq sistemdən öz xeyrinə fəal şəkildə istifadə edir, iqtisadi təsirini genişləndirir və qlobal bazarlarda mövqeyini gücləndirir.
Bu baxımdna, Pekinin xarici siyasəti əsasən praqmatizm prinsipinə söykənir. Qərb sanksiyaları altında olan ölkələrlə qarşılıqlı əlaqələrində Çin əsasən öz iqtisadi maraqlarını rəhbər tutur. Bu yanaşma milli maraqların ideoloji prinsiplərdən üstün olduğunu nümayiş etdirir. Çinin davamlı inkişafını qorumaq siyasəti liberal iqtisadi modelə alternativ olmadığı barədə spekulyativ iddiaları şübhə altına alır. Təcrübə göstərir ki, uğurlu inkişaf bazar mexanizmləri və strateji dövlət tənzimləməsinin kombinasiyasına əsaslanan fərqli idarəetmə sistemi nəticəsində mümkündür.
Sadalanan məqamlar Qərbin liberal qloballaşma modelinin tədricən erroziyaya uğradığını sübut edir. Siyasi və sosial dəyərlərin daha da universallaşdırılması tərəfdarları ilə milli suverenliyin möhkəmləndirilməsini və ənənəvi sosial institutların qorunmasını müdafiə edən dövlətlər arasında ziddiyyətlər güclənir.
ABŞ və Avropa dövlətləri arasında ideoloji fərqlər, bəzi Qərb siyasətçiləri tərəfindən liberal qlobalizmin tənqidi, ənənəvi hərəkatların artan populyarlığı və alternativ idarəetmə modellərinin uğurlu inkişafı yeni qlobal siyasi reallığın ortaya çıxdığını sərgiləyir.
Beləliklə, liberal qlobalizmin tənqidi müasir beynəlxalq siyasətdə əsas amilə çevrilir. Milli dövlətlərin artan rolu, mədəni kimlik uğrunda mübarizənin güclənməsi və mövcud qlobal inkişaf modelinə alternativlərin axtarışı dünya nizamının təşkili prinsiplərinin dərindən yenidən nəzərdən keçiriləcəyinin başladığını göstərir.
Proseslərin gələcək inkişaf məcrasından asılı olmayaraq, artıq belə bir nəticəyə gəlmək olar ki, liberal modelin qeyd-şərtsiz dominantlığı dövrü tədricən daha mürəkkəb və çoxqütblü beynəlxalq münasibətlər sisteminə keçid ərəfəsindədir.
Sahil İsgəndərov, politoloq