BAKI, 28 iyul. TELEQRAF

“Medal qazandığım üçün sevinirəm. Əlbəttə, qızıl medal da qazana bilərdim, amma alınmadı. Üçüncü yer qismətimiz oldu”.

Teleqraf xəbər verir ki, bunu Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal qazanan Azərbaycan güləşçisi Orxan Həbibli deyib.

O, yarışa uzun müddət hazırlaşdığını bildirib:

“Aylardır bu yarışa hazırlaşırıq. Üzərimdə böyük zəhmət var. İnanıram ki, növbəti yarışlara qədər səhvlərimi düzəldib çempion olacağam”.

Həbibli azarkeşlərin dəstəyinin ona əlavə motivasiya verdiyini vurğulayıb:

“Azarkeş dəstəyi çox güclü idi. Onların dəstəyi məni ruhlandırırdı. Rəqib yüksək təzyiqlə güləşirdi. Mən isə müdafiəyə bir qədər tez çəkildim və buna görə o, üzərimə daha çox gəlməyə başladı. Sonradan qarşılaşmanın ritmini dəyişərək özümü toparladım və son hissədə daha yaxşı güləşdim”.