BAKI, 28 iyul. TELEQRAF

"Həqiqətən də qürurverici və möhtəşəm hissdir. Nəticə ilə bağlı mesaj gələndə evdə idim. Xəbəri ailəmlə birlikdə aldıq və hamımız çox sevindik".

Bu sözləri Teleqraf.com-a açıqlamasında IV ixtisas qrupu üzrə 700 bal toplayan Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə deyib.

O bildirib ki, məktəb dərsləri ilə yanaşı, 9-cu sinifdən etibarən qəbul imtahanına ciddi hazırlaşmağa başlayıb:

“Bu nəticəni əldə etmək üçün son 3 ildə müntəzəm çalışmışam. Ali təhsilimi Azərbaycan Tibb Universitetinin Tibb fakültəsində almağı planlaşdırıram. Uğurumda əməyi olan, mənə keyfiyyətli təhsil verən bütün müəllimlərimə təşəkkür edirəm.

Yüksək nəticə üçün çox çalışmaq lazımdır, lakin istirahətə də vaxt ayırmaq vacibdir. Əsas məsələ vaxtı düzgün planlaşdırmaq və balansı qorumaqdır.

Gələcəkdə cərrah, daha dəqiq desəm neyrocərrah olmaq istəyirəm. Təbii ki, universitet illərində fikrim dəyişə bilər, amma hələlik məqsədim budur.

Hazırlıq dövründə ən çox buraxılış imtahanında çətinlik çəkirdim. Orada vaxtı idarə etmək daha qəliz idi, xüsusilə Azərbaycan dili fənnində vaxt darlığı yaşayırdım. Blok imtahanında isə sualları cavablandırmaq üçün vaxt mənə nisbətən daha rahat çatdı”.