BAKI, 12 may. TELEQRAF
İran mümkün ABŞ zərbələrindən qorunmaq məqsədilə hərbi və mülki təyyarələrinin bir hissəsini Pakistan və Əfqanıstana yerləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə "CBS News" telekanalı mənbələrə əsasən məlumat yayıb.
İddialara görə, İranın hərbi təyyarələri İslamabad yaxınlığında yerləşən Pakistan Hərbi Hava Qüvvələrinin Nur-Xan bazasına göndərilib.
Mənbələrin sözlərinə görə, həmin bazaya İranın kəşfiyyat məqsədilə modernləşdirilmiş RC-130 təyyarəsi də yerləşdirilib.
Telekanal bildirib ki, İranın “Mahan Air” aviaşirkəti də hərbi əməliyyatlar başlamazdan əvvəl bir neçə təyyarəsini Kabula köçürüb. İran hava məkanının bağlanmasından sonra həmin təyyarələr Əfqanıstanda qalıb.
Daha sonra Pakistan və Əfqanıstan arasında döyüşlər səbəbindən bu təyyarələrin İran sərhədinə yaxın Herat hava limanına yönləndirildiyi qeyd olunub.
Lakin “Taliban” hökumətinin rəsmi nümayəndəsi Zabihullah Mücahid "CBS News"a açıqlamasında bu məlumatı təkzib edib.