BAKI, 12 may. TELEQRAF

Ukrayna Ali Antikorrupsiya Məhkəməsi Kiyev yaxınlığında yerləşən torpaq sahələri və daşınmaz əmlak üzərinə həbs qoyub. Bu əmlak çirkli pulların yuyulması işi çərçivəsində araşdırılır.

Teleqraf xəbər verir ki, məlumat Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) Teleqram kanalında yayılan videoda əks olunub.

Bildirilib ki, istintaq çərçivəsində məhkəmə NABU-nun vəsatətini təmin edib və Kiyev yaxınlığındakı Kozin qəsəbəsində yerləşən “Dinastiya” layihəsinə aid torpaq sahələri və yarımçıq tikililər üzərinə həbs qoyub.

Məlumata görə, Ukraynanın antikorrupsiya orqanları əvvəllər Kiyev yaxınlığında elit yaşayış kompleksinin tikintisi zamanı 10,5 milyon dolların yuyulması ilə məşğul olan mütəşəkkil qrupun ifşa edildiyini açıqlayıb. İş üzrə Vladimir Zelenskinin ofisinin sabiq rəhbəri Andrey Yermaka da ittiham irəli sürüldüyü qeyd olunub.

İstintaqın versiyasına əsasən, 2020-ci ildə Kiyev yaxınlığında “Dinastiya” adlı fərdi iqamətgah layihəsinə start verilib və layihədə Yermakla əlaqələndirilən şəxs iştirak edib. İddia olunur ki, tikintinin maliyyələşdirilməsi “Günəşli Sahil” kooperativi və qanunsuz yolla əldə edilən nağd vəsait vasitəsilə gizlədilib.

İstintaq materiallarında bildirilir ki, kotteclərin tikintisi 2021-2025-ci illərdə davam edib və Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra belə işlər dayandırılmayıb, əksinə daha da sürətləndirilib.