BAKI, 21 aprel. TELEQRAF
"Tesla" şirkəti mənfəətin xaricə yönləndirilməsi vasitəsilə ABŞ-də yüz milyonlarla dollar vergi ödəməkdən yayına bilib.
Teleqraf xəbər verir ki, "Reuters"in araşdırması göstərir ki, şirkət son illərdə təxminən 18 milyard dollar mənfəəti Niderland və Sinqapurda qeydiyyatdan keçmiş bölmələr vasitəsilə yönləndirib. Bu sxem nəticəsində ən azı 400 milyon dollar həcmində vergi qənaəti əldə olunduğu bildirilir.
Qeyd olunur ki, bu yanaşma beynəlxalq korporasiyalar arasında geniş yayılmış “mənfəətin köçürülməsi” mexanizmi ilə həyata keçirilib. Ekspertlərin fikrincə, bu üsul hüquqi çərçivədə mümkün olsa da, vergi sisteminin mahiyyətinə zidd hesab olunur.
Bildirilir ki, Elon Musk daha əvvəl bu cür vergi boşluqlarından istifadəni tənqid etsə də, araşdırma Tesla-nın belə mexanizmlərdən faydalandığını göstərir.
Məlumata görə, şirkətin maliyyə sənədlərində ABŞ-də uzun illər ərzində faktiki vergi ödənişlərinin minimal olduğu qeyd edilir. Bunun səbəbləri arasında əvvəlki zərərlər, dövlət tərəfindən verilən “yaşıl enerji” güzəştləri və ofşor maliyyə strukturları göstərilir.
Qeyd edək ki, araşdırmada "Tesla"nın hər hansı qanun pozuntusuna yol verdiyinə dair sübut təqdim olunmur, lakin tətbiq edilən maliyyə strategiyasının böyük vergi üstünlüyü yaratdığı vurğulanır.