BAKI, 21 aprel. TELEQRAF
Qlobal neft bazarında qiymətlər ABŞ və İran arasında danışıqların baş tutacağı gözləntiləri fonunda enişə keçib.
Teleqraf xəbər verir ki, "Brent" markalı neftin qiyməti 1 faiz azalaraq 94,5 dollar, ABŞ-nin WTI markalı nefti isə 1,7 faiz ucuzlaşaraq 88 dollar səviyyəsinə düşüb.
Bildirilir ki, bazarda enişə səbəb Yaxın Şərq regionundan neft tədarükünün arta biləcəyi ilə bağlı gözləntilərdir. İnvestorlar ehtimal edirlər ki, danışıqlar atəşkəsin uzadılmasına və ya daha geniş razılaşmaya gətirib çıxara bilər.
Qeyd olunur ki, bundan əvvəl qiymətlər kəskin artmışdı. Buna səbəb Hörmüz boğazı üzərindən nəqliyyatın məhdudlaşdırılması və ABŞ-nin İran gəmisini ələ keçirməsi olmuşdu.
Məlumata görə, analitiklər danışıqların uğursuz olacağı təqdirdə qiymətlərin yenidən artacağını istisna etmir. Hesablamalara əsasən, Hörmüz boğazında fasilələr bir ay davam edərsə, neftin qiyməti 2026-cı ilin ikinci rübündə 110 dollara qədər yüksələ bilər.
Eyni zamanda qeyd olunur ki, qiymətlərin əvvəlki artımı tələbatı təxminən 3 faiz azaldıb.
Bildirilib ki, tərəflər arasında danışıqlarla bağlı qeyri-müəyyənlik qalmaqdadır və bazar iştirakçıları vəziyyəti yaxından izləyir.