BAKI, 21 aprel. TELEQRAF

"Titanik" gəmisinin sağ qalan sərnişinlərindən birinə məxsus xilasedici jilet hərracda 900 min dollardan çox məbləğə satılıb.

Teleqraf CNN-ə istinadən xəbər verir ki, əşya Böyük Britaniyanın "Henry Aldridge & Son" hərrac evi tərəfindən 670 min funt sterlinqə (təxminən 904 min dollar) alıcı tapıb. Bu, gözləniləndən xeyli yüksək qiymət hesab olunur.

Bildirilir ki, jilet “Titanik” faciəsindən sağ çıxan Laura Mabel Frankatelli adlı birinci sinif sərnişinə məxsus olub və bu tip əşyalar arasında ilk dəfə hərraca çıxarılıb.

Qeyd olunur ki, 1912-ci ildə ilk səfərinə çıxan “Titanik” dörd gün sonra aysberqlə toqquşaraq batıb. Gəmidə olan təxminən 2200 nəfərdən yalnız 700-ə yaxını sağ qala bilib.

Məlumata görə, sözügedən jilet üzərində xilasedilən sərnişinlərin imzaları da yer alıb və kolleksiyaçılar üçün nadir eksponat hesab olunur.

Hərrac təşkilatçıları bildiriblər ki, bu əşya “nəsildə bir dəfə rast gəlinən fürsət” kimi qiymətləndirilir.