BAKI, 21 aprel. TELEQRAF
Pakistan Sudana silah və hərbi təyyarələrin satışını nəzərdə tutan 1,5 milyard dollarlıq razılaşmanı müvəqqəti dayandırıb.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, qərar Səudiyyə Ərəbistanı tərəfindən razılaşmanın maliyyələşdirilməsindən imtina edilməsi və onun ləğvi ilə bağlı çağırışdan sonra qəbul edilib.
Bildirilir ki, sözügedən müqavilə əvvəlcə Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə hazırlanmışdı. Lakin sonradan Riyad bu layihəni maliyyələşdirməyəcəyini açıqlayıb.
Mənbələrin məlumatına görə, Səudiyyə tərəfi Pakistana razılaşmanı dayandırmağı tövsiyə edib. Bu qərarın regionda davam edən münaqişələr və xüsusilə Sudandakı vəziyyətlə bağlı olduğu qeyd olunur.
Qeyd edək ki, Sudanda ordu ilə “Sürətli Dəstək Qüvvələri” arasında qarşıdurma son illərdə ciddi humanitar böhran yaradıb və ölkə beynəlxalq maraqların toqquşma nöqtəsinə çevrilib.
Məlumata görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri regionda müxtəlif tərəfləri dəstəkləyir. Riyad Sudanın rəsmi ordusuna yaxın mövqe sərgilədiyi halda, BƏƏ-nin digər qüvvələrə dəstək verdiyi iddiaları səsləndirilir.
Bildirilib ki, Pakistanın digər ölkələrlə, o cümlədən Liviyada mümkün hərbi müqavilələri də Səudiyyə Ərəbistanının siyasətindəki dəyişikliklər fonunda risk altına düşə bilər.