BAKI, 14 fevral. TELEQRAF
Ukrayna və Macarıstan arasındakı siyasi qarşıdurma rəsmi Kiyevin Avropa İttifaqına (Aİ) inteqrasiya planlarını ciddi təhlükə altına qoyub.
Teleqraf xəbər verir ki, bu barədə "Berliner Zeitung" məlumat yayıb.
Məlumata görə, Avropa paytaxtlarında Ukraynanın sürətli üzvlüyünün həm iqtisadi, həm də təhlükəsizlik baxımından ağır fəsadlar doğuracağı barədə narahatlıqlar artmaqdadır.
Macarıstanın Baş naziri Viktor Orbanın sərt ritorikası da məhz bu amillərə əsaslanır. Baş nazir bildirib ki, üzvlük şərtlərini namizəd ölkələr deyil, yalnız birliyin tamhüquqlu üzvləri müəyyən edə bilər.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Kiyevin 2027-ci ilə qədər bütün texniki meyarlara cavab verməli olduğunu hədəfləyib. V. Zelenski təklif edir ki, bu üzvlük perspektivi ABŞ, Rusiya və Avropa liderləri tərəfindən imzalanacaq mümkün sülh və nizamlanma sazişində hüquqi sənəd kimi təsbit edilsin. Ukrayna lideri vurğulayıb ki, əgər bu məsələ rəsmi sənədlərdə dərhal əks olunmasa, Rusiya inteqrasiya prosesini bloklamaq üçün bütün imkanlarından istifadə edəcək.