BAKI, 28 sentyabr. TELEQRAF

Rusiya qoşunları gecəboyu və səhər saatlarında Ukraynanın müxtəlif bölgələrinə kütləvi hücumlar həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, Xarkovda yaşayış binasına zərbələr nəticəsində 28 nəfər yaralanıb, onların da 9-u uşaqdır:

"Kiyevdə isə dron hücumları nəticəsində yaşayış binaları, rabitə infrastrukturu, yanacaqdoldurma məntəqələri, eləcə də kafe və ərzaq bazarı zərər çəkib. Kiyev bölgəsinə hücum zamanı iki nəfər həlak olub və onlardan biri Azərbaycan vətəndaşıdır".

Dövlət başçısı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

V. Zelenski ölkəsinə dəstək göstərən və səssiz qalmayan hər kəsə təşəkkür edərək vurğulayıb ki, Ukraynanın qorunması və xalqın dözməsi üçün hava hücumundan müdafiə sistemləri, enerji dəstəyi və büdcə kəsirlərinin aradan qaldırılması istiqamətində konkret qərarlara ehtiyac var.