BAKI, 28 sentyabr. TELEQRAF
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Tofiq müəllim, son zamanlar qonşu dövlətlər daxilində bəzi qüvvələrin Azərbaycana qarşı ritorikasında fərqli bir mənzərə müşahidə edilir. Bu nə ilə bağlıdır? Sanki bu cür təxribat xarakterli yanaşmalar bir mərkəzdən idarə olunur. Bölgədə ictimai münasibətlərin gərginləşməsində maraqlı qüvvələrin məqsədi nədir?
- Açığı, bu, o qədər də hiss olunmur. Sadəcə olaraq, ölkələrin xarici siyasətində həmişə olduğu kimi hansısa problemlər və yaxud həllini gözləyən mövzular var. Ona görə də bunlar adi məsələlərdir. Azərbaycanla Ermənistan arasındakı sülh prosesində də bu eynidir. Vaxtilə Azərbaycan qarşı olan işğal “təfəkkürü”nün nəticələrinin hamısı aradan qaldırılmayıb. Çünki işğalın ancaq hərbi müstəvidə olması mümkün deyildi. Burada Ermənistana aid yalan məlumatlar “ideoloji” əsas kimi götürülmüşdü. Bu baxımdan işğalın nəticələrindən yaranan qalıqların aradan qaldırılması heç də bir günlük bir proses deyil. Təbii ki, bu prosesin içərisində müəyyən problemlər də mövcuddur.
- Rəsmi Bakının bu proseslərə yanaşması necədir?
- Azərbaycanın istəyi ondan ibarətdir ki, işğala məhz bu səviyyələrdə də son qoyulsun.
- Ermənistanın Baş naziri Nikol Paşinyanın BMT tribunasındakı çıxışı ilə bağlı da fərqli fikirlər səslənir. Burada təzad nədən ibarət idi? Sanki o “prosesləri bura qədər mən gətirdim, bundan sonrası isə başqa amillərlə bağlıdır” mesajı verməyə çalışırdı…
- Erməni tərəfi həmişə nəyisə etmək istəməyəndə ortaya “ictimai rəyin” olmasını, cəmiyyətin bu və ya digər qərara qarşı çıxmasını göstərməyə çalışıb. Hətta xatırlayırsınızsa, Azərbaycan ərazilərini işğalda saxladıqları dövrdə deyirdilər ki, “biz bir rayonu Bakıya təhvil verəsi olsaq, ermənilər ayağa qalxar" və sair. Amma tarixi reallıq bütün bunların hamısının əksini sübut etdi. II Qarabağ müharibəsindən sonra Ermənistan cəmiyyəti kapituliyasiya aktına imza atmış şəxsə yəni, Paşinyana yenidən səs verdi. Ona görə də bir sıra məsələlərdə Paşinyan da özlərinin “ənənəvi” ikili oyunlarına əl atmağa çalışır.

- Bu cür mövqenin ortaya atılmasında məqsəd nədir? Azərbaycanla sülh prosesinin irəliləməsində maraqlı olduğunu bəyan edən bir şəxsin bu cür ritorikaya əl atmasına nə səbəb ola bilər?
- Paşinyan hazırda sülh prosesini ləngidən faktor kimi erməni ictimai rəyini gündəmə daşımaq niyyətindədir. Amma biz də bilirik ki, Ermənistanda ictimai rəyin formalaşmasında hazırkı iqtidarın imkanları böyükdür. Sadəcə olaraq, onların bunu formalaşdırmaq istəkləri ciddi deyil.
- Burada kənar faktorlar nə dərəcədə təsirli rola malikdir?
- Ermənistan rəhbərliyi xarici oyunçulardan ilk növbədə Moskvadan asılıdır. Birmənalı olaraq Zəngəzurda reallaşacaq TRIPP layihəsi Kreml tərəfindən qəbul olunmur. Məhz bunun nəticəsi olaraq Ermənistan tərəfi fərqli siyasi oyunlara əl atır.

- Belə çıxır ki, TRIPP layihəsi üzrə ABŞ və Ermənistan arasında aparılan danışıqlar fonunda tərəflərdən biri digərini aldadır…
- Faktiki olaraq bu məsələdə Amerikanı aldadırlar. Ötən ilin avqustunda Vaşinqtonda TRIPP layihəsi üzrə əldə edilən razılaşmaya əsasən, 2025-ci ilin sonuna kimi formal məsələlər öz həllini tapmalı idi. Amma bunun üzərindən bir ildən artıq vaxt keçsə də, məsələ ətrafında ancaq kağız üzərindən danışıqlar aparılır.
- ABŞ-nin bu məsələyə münasibəti necədir?
- Amerikanın Dövlət katibi Marko Rubio də İrəvana gəldi və aeroportdaca Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb geri qayıtdı. Hətta, o Paşinyanla görüşə belə lüzum bilmədi. Bu görüşdə də hansısa sənədə imza atıldı. Əslində, Rubio Ermənistana xəbərdarlıq etmək üçün gəlmişdi. Dövlət katibi Ermənistana o mesajı verməyə çalışırdı ki, “siz deyəsən Trampın layihəsi ilə oyun oynayırsınız?” Paşinyan da BMT-də onu deməyə çalışırdı ki, “mən bacardığımı etdim”. O demək istəyirdi ki, “Ermənistan ictimaiyyəti bundan irəliyə getmək istəmir" və s. Azərbaycana qarşı kilsə ilə bağlı səslənən fikirlər də eyni “ssenarinin” tərkib hissəsi idi.

- Bu məsələnin hüquqi müstəvidə həlli nədən ibarətdir?
- II Qarabağ müharibəsindən sonra yəni, 2020-ci ilin noyabrın 9-da üçtərəfli bəyanatla (Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı birgə bəyanat) Naxçıvana gedən yolun yəni, Zəngəzur dəhlizinin, keçən il isə TRIPP marşrutu kimi təsbit edilən yolun açılması məsələsi əz əksini tapıb. Erməni tərəfi isə bundan boyun qaçırmaq üçün müxtəlif bəhanlər uydurmaqdadır.