BAKI, 5 fevral. TELEQRAF

ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin üzvü Robert Qarsiya Demokrat Partiyasının Donald Trampla Ceffri Epşteyn işi ilə bağlı söhbət aparmaq niyyətində olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə CNN telekanalına danışıb.

Onun sözlərinə görə, Demokratlar aşağı palatada çoxluq əldə edəcəkləri təqdirdə Trampı bu məsələ ilə bağlı söhbətə dəvət etməyi planlaşdırırlar.

“Düşünürəm ki, hər şey müzakirə olunmalıdır. Biz, əlbəttə ki, prezident Trampla danışmaq istəyirik, bunda heç bir şübhə yoxdur”, - deyə Qarsiya vurğulayıb.

Konqresmen həmçinin qeyd edib ki, respublikaçılar ABŞ-nin sabiq prezidenti Bill Klintona Epşteyn işi çərçivəsində ifadə verməsi tələbi ilə çağırış vərəqəsi göndərməklə yeni presedent yaradıblar. Onun sözlərinə görə, Klintonun Konqres qarşısında çıxışı nadir hadisə olacaq, çünki ABŞ-də keçmiş prezidentlər sonuncu dəfə 1983-cü ildə Konqresdə ifadə veriblər.