BAKI, 17 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuelaya doğru hərəkət edən bütün sanksiyalara məruz qalan neft tankerlərinə qarşı blokada tətbiq olunması barədə göstəriş verdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu addım Venesuela Prezidenti Nikolas Maduroya təzyiqləri artırmaq məqsədi daşıyır.

Qərar ABŞ hərbi qüvvələrinin ötən həftə Venesuela sahilləri yaxınlığında bir neft tankerini ələ keçirməsindən sonra verilib. Həmin tədbir bölgədə hərbi qüvvələrin yerləşdirilməsindən sonra həyata keçirilib.

Donald Tramp blokadanın tətbiq olunduğunu elan edərək vurğulayıb ki, Venesuela neft gəlirlərindən narkotik qaçaqmalçılığı və digər cinayətkar fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə edir:

“Bu gün Venesuelaya daxil olan və oradan çıxan bütün sanksiyaya məruz qalmış neft tankerlərinə qarşı tam və hərtərəfli blokada tətbiq edilməsi barədə əmr verdim”.

O əlavə edib ki, Karib hövzəsində yerləşdirilmiş nəhəng ABŞ hərbi-dəniz donanması daha da genişləndiriləcək: Bu, Venesuelanın əvvəllər bizdən oğurladığı bütün neft, torpaqlar və digər aktivləri Amerika Birləşmiş Ştatlarına geri qaytarana qədər davam edəcək”.

Tramp söyləyib ki, artıq Venesuela rejimi xarici terror təşkilatı kimi tanınıb: “Venesuela Cənubi Amerikanın tarixinin ən böyük hərbi-dəniz donanması tərəfindən tam mühasirəyə alınıb.

Venesuela misli görünməmiş bir sarsıntı yaşayacaq. Nikolas Maduronun qeyri-legitim rejimi oğurlanmış yataqlarımızdan çıxarılan nefti öz fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə edir”.