BAKI, 13 noyabr. TELEQRAF
Avropa Komissiyası İspaniya, İtaliya, Yunanıstan və Kiprin “miqrasiya təzyiqi altında olan ölkələr” olduğunu müəyyən edərək bu dövlətlərdən sığınacaq axtaranların digər Aİ ölkələrinə köçürülməsi üçün yeni mexanizm yaradılacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə komissiyanın illik hesabatında qeyd olunur.
Hesabata əsasən, bu ölkələr ötən il qeyri-mütənasib dərəcədə çox sayda miqrant qəbul ediblər. Yeni qaydalara əsasən, 2026-cı ildən etibarən bu dövlətlər digər Aİ üzvlərinin həmrəyliyindən faydalana biləcəklər. Bu həm sığınacaq axtaranların köçürülməsi, həm də maliyyə dəstəyi formasında həyata keçirilə bilər.
Komissiya 27 üzv ölkəyə “İllik həmrəylik fondu” adlı mexanizm yaratmağı təklif edib. Bu fond sığınacaq axtaranların ümumi sayını və hər bir ölkənin maliyyə öhdəliyini müəyyən edəcək. Üzv dövlətlər ya müəyyən sayda sığınacaq axtaranı qəbul etməli, ya da qəbul etmədikləri hər bir şəxs üçün 20 min avro ödəməli, yaxud “miqrasiya təzyiqi altında olan” ölkələrdə əməliyyat dəstəyini maliyyələşdirməlidirlər.
Fondun minimum həddi 30 min nəfərin köçürülməsi və 600 milyon avro məbləğində vəsaitlə müəyyənləşdirilib. Qərar Aİ ölkələrinin ixtisaslı çoxluğu ilə qəbul ediləcək.
Avropa Komissiyasının hesabatında, həmçinin, Belçika, Bolqarıstan, Almaniya, Estoniya, İrlandiya, Fransa, Xorvatiya, Latviya, Litva, Niderland, Polşa və Finlandiya “miqrasiya təzyiqi riski altında olan” ölkələr kimi göstərilib.
Bəzi dövlətlər, o cümlədən Macarıstan, Polşa və Slovakiya artıq bu mexanizmə qarşı çıxıblar.