BAKI, 2 noyabr. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraqın baş nazir müavini və xarici işlər naziri Fuad Hüseyn ilə birgə mətbuat konfransı keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Nazir Hakan Fidan çıxışında Bağdadla Ankara arasında çoxşaxəli və intensiv əməkdaşlığın davam etdiyini bildirib:

“Artıq parçalanma və rəqabət dövrü deyil, birgə hərəkət etmə zamanıdır. Bölgəmiz böyük təbii və insani potensiala malikdir. Düzgün strategiyalarla bu coğrafiyanı sülh və rifah bölgəsinə çevirmək mümkündür.”

Nazir vurğulayıb ki, Türkiyə İraqın sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına tam dəstək verir:

“İraq son illərdə ağır dövrlərdən keçdi, lakin bu gün daha sabit və təhlükəsiz bir İraq görürük. Türkiyə olaraq, İraqın rifahı və inkişafı üçün bütün səyləri dəstəkləyirik.”

Fidan həmçinin qeyd edib ki, Türkiyə və İraq Suriyada baş verən hadisələri yaxından izləyir və bölgədə barış və sabitliyin təmin olunması üçün birgə çalışır.

Türkiyə XİN rəhbəri PKK terror təşkilatının fəaliyyətinə də toxunub:

“PKK-nın silahlı mübarizəyə son qoyması yalnız Türkiyə üçün deyil, bütün bölgə üçün müsbət addımdır. Gözləntimiz odur ki, təşkilat İraq və Suriyada da fəaliyyətinə son versin və işğal etdiyi ərazilərdən çıxsın. Bu, regionun sabitliyi və təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.”

***

14:09

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraqın xarici işlər naziri Fuad Hüseyn ilə görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, regional təhlükəsizlik və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.