BAKI, 22 oktyabr. TELEQRAF

ABŞ Konqresinin Senatının xarici əlaqələr komitəsi çərşənbə günü Rusiyaya qarşı üç qanun layihəsini dəstəkləməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Nəşr yazır ki, komitə iki partiyanın dəstəyini qazanan üç qanun layihəsini təsdiqləyəcək və onların məqsədi Rusiyaya təzyiqi artırmaqdır. Qanun layihələrinin Senatın tam tərkibi ilə nə zaman müzakirə olunacağı hələ məlum deyil.

Mənbənin məlumatına əsasən, birinci qanun layihəsi Moskvanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları nəzərdə tutur. O cümlədən, Rusiya nefti, qazı, uranı və digər məhsullarını alan ölkələrdən ABŞ-yə idxala 500% gömrük rüsumu tətbiq olunması təklif edilir.

İkinci sənəd Rusiyanın terrorizmin sponsoru olan dövlətlər siyahısına salınmasını nəzərdə tutur.

Üçüncü qanun layihəsi isə ABŞ-də dondurulmuş Rusiya aktivlərinin davamlı şəkildə Ukraynaya ötürülməsini təmin etməyi təklif edir.