BAKI, 21 oktyabr. TELEQRAF

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva şəhərində Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayevlə danışıqlar aparacaq. Bu, Koşerbayevin Qazaxıstan XİN rəhbəri kimi Rusiyaya ilk rəsmi səfəridir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə edəcəklər. Görüş həmçinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Rusiyaya gözlənilən dövlət səfəri kontekstində keçirilir.

Zaxarovanın verdiyi məlumata görə, xüsusi diqqət Rusiya və Qazaxıstanın Avrasiya məkanındakı inteqrasiya qurumları KTMT, Aİİ, MDB və ŞƏT çərçivəsində əməkdaşlığına yönəldiləcək.

Bundan əlavə, nazirlər regional və qlobal gündəliyin əsas məsələləri üzrə mövqeləri uzlaşdıracaq, eləcə də aktual beynəlxalq problemlər barədə fikir mübadiləsi aparacaqlar.