BAKI, 6 avqust. TELEQRAF

ABŞ Dövlət Departamenti Ukraynaya 203,5 milyon dollar dəyərində xidmət və avadanlıq satışı üzrə iki sövdələşməni təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Birinci sövdələşmə 104 milyon dollara Kiyevə M777 haubitsaları üçün avadanlıqların tədarükü və təmir işlərini nəzərdə tutur. Buraya həmçinin texniki yardım, kadr hazırlığı, proqram təminatı və logistik dəstək daxildir. Baş podratçı Böyük Britaniyanın "BAE Systems" şirkəti olacaq.

İkinci sövdələşməyə ABŞ-nin Ukraynaya hərbi yardım proqramlarını dəstəkləmək üçün nəqliyyat və konsolidasiya xidmətləri, o cümlədən logistika, müdafiə dəstəyi və yüklərin paylanması daxildir, onun məbləği 99,5 milyon dollardır.

Pentaqon vurğulayıb ki, ABŞ hökumətinin heç bir əlavə nümayəndəsi və ya podratçısı Ukraynaya göndərilməyəcək və regionda hərbi balans əsaslı şəkildə dəyişməyəcək.