
BAKI, 1 aprel. TELEQRAF
“Rəqib futbolçu yıxıldıqdan sonra söyüş söydü. Amma mənə cəza verildi, o isə oyuna davam etdi".
Bu sözləri Teleqraf-a açıqlamasında AFFA Yüksək Qızlar Liqasında çıxış edən "Baku Juniors" klubunun futbolçusu Xanımana Əhmədova 4 oyunluq diskvalifikasiya olunmasına münasibət bildirərkən deyib.
AFFA İntizam Komitəsinin iclasında Əhmədova evdə "Dirçəliş”ə qarşı oyunun 28-ci dəqiqəsində etdiyi təcavüzkar davranışa görə 4 oyunluq cəzalandırılıb. 23 yaşlı müdafiəçi qərarla razılaşmadığını bildirib: "Normalda iki oyunluq cəza verilməli idi, amma onlar məni 4 matçlıq diskvalifikasiya ediblər. Səbəbini başa düşə bilmirəm. Klubuma bildirdim, apellyasiya şikayəti edəcəyik”.
23 yaşlı müdafiəçinin sözlərinə görə, sözügedən epizodda təcavüzkar davranışa yol verməyib: "Sadəcə sürüşmə fəndi etdim. Baş hakim dedi, topsuz ayağa zərbədir. Halbuki, mən topa oynamışam. Onu səhv göstəriblər. Baş hakim bildirdi ki, “qırmızı”dır. Mənim isə oyunun qaydalarından xəbərim yox idi. Söhbət böyüməməsi üçün "siz deyən olsun" söylədim. O da mənə heç nə demədən qırmızı vərəqəni göstərdi".
Uşaq yaşlarından futbolla məşğu olduğunu deyən Əhmədova Azərbaycan millisinin dəvətindən imtina etdiyini söyləyib: “Milli komandaya uşaq vaxtı dəvət almışam. Amma getmək istəməmişəm. Öz komandamda rahat məşq edirəm. Heç vaxt milliyə düşmək istəməmişəm. İndidən sonra da istəyim yoxdur. Şəxsən mənim belə arzum olmayıb. Öz komandamda rahatam”.