
BAKI, 1 aprel. TELEQRAF
Azərbaycan və Ermənistan arasında bu il martın 13-də yekun sülh sazişi layihəsi razılaşdırılsa da, sistemli maneələr onun ratifikasiyasını ləngitməkdə davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Karleton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun baş elmi işçisi Robert Katlerin "Ermənistan - Azərbaycan danışıqlarında sistemli maneələr" adlı məqaləsində qeyd olunub.
Müəllif yazır ki, əsas problem məhz sazişin məzmununda deyil, Ermənistan konstitusiyasının preambulasında Qarabağın Ermənistanın bir hissəsi kimi qeyd olunmasındadır.
“Azərbaycan bunu gizli ərazi iddiası kimi qəbul edir və bu müddəanın dəyişdirilməsi üçün ümumxalq referendumu tələb edir. Bu proses isə ən tezi 2026-cı və ya 2027-ci ilə qədər uzana bilər. Ermənistan bu ifadənin yalnız simvolik xarakter daşıdığını irəli sürsə də, hüquqi presedentlər onun praktiki təsir gücünə malik olduğunu göstərir. Bundan əlavə, Azərbaycan ləğv olunmuş ATƏT-in Minsk Qrupunun rəsmi olaraq buraxılmasını, hələlik cəmi 12,7 kilometri razılaşdırılmış 1 000 kilometrlik sərhəd xəttinin demarkasiyasını və Ermənistanın Zəngəzur bölgəsi üzərindən keçid məsələlərinin həllini tələb edir”, - yazıda bildirilib.
Robert Katlerin fikrincə, bundan başqa, Rusiyanın regiondakı təsirinin azalması və Türkiyənin artan rolu kimi geosiyasi dəyişikliklər də prosesə əlavə qeyri-müəyyənlik qatır. Beləliklə, sülh sazişi struktur baxımından tam görünsə də, onun icrası dərin sistemli və konstitusiya islahatlarından asılı olaraq qalır.