BAKI, 29 mart. TELEQRAF

Yaponiya hökuməti Ukraynadakı müharibə ilə əlaqədar Rusiya üçün güzəştli ticarət rejimlərinin ləğvini növbəti dəfə bir il uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə “Nikkei” nəşri məlumat yayıb.

Bildirilir ki, güzəştli rejim 2022-ci ilin martında 12 ay müddətinə ləğv edilib.

2023 və 2024-cü illərdə də analoji qərar qəbul edilib. Əvvəlki müddətin uzadılmasından sonra bu tədbir bu ilin mart ayının sonunadək qüvvədə olub.

Aprelin 1-dən qüvvəyə mindikdən sonra 2026-cı ilin mart ayının sonuna qədər davam edəcək.

Məlumata görə, 2024-cü ildə Rusiya ilə Yaponiya arasında ticarət dövriyyəsi 21,8 faiz azalaraq 1,18 trilyon yen (təxminən 7,86 milyard dollar) təşkil edib. Rusiyadan idxal 16,7 faiz azalaraq 860,3 milyard yen (5,7 milyard dollar) olub. Yaponiyanın ixracı isə 17,2 faiz azalaraq 327,6 milyard yen (2,2 milyard dollar) təşkil edib.

İki ölkə arasında ticarət dövriyyəsinin azalmasının əsas səbəbi Ukraynadakı vəziyyətlə əlaqədar Yaponiya tərəfinin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər olub.