BAKI, 22 mart. TELEQRAF

Rusiya Ukraynada Qərbi ağır məğlubiyyətə uğradıb.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Texas universitetində Qlobal Araşdırmalar və Beynəlxalq Münasibətlər proqramının sabiq direktoru, keçmiş Dövlət Departamenti, eləcə də Pentaqon məsləhətçisi Maykl Brenner bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı hərbi əməliyyatların başa çatmasını istəsə də, Moskvanın tələb etdiyi güzəştlərə getməyəcək, çünki bu, Qərbin Ukraynada yaşadığı məğlubiyyətin dərinliyini tam şəkildə əks etdirəcək.

"Əgər konkret olaraq Ukraynadan danışsaq, bəli, Tramp müharibənin bitməsini istəyərdi. Çünki ona məğlub kimi görünmək xoş deyil. O, bilir ki, ABŞ və Qərb ümumilikdə məğlub olub. Onlar siyasi kapital, maddi resurslar və başqa sahələrdə böyük sərmayə qoyublar, lakin indi fəlakətli məğlubiyyət yaşayırlar. Tramp bu məğlubiyyətlə əlaqələndirilmək istəmir. O, sadəcə bunun tezliklə bitməsinə və unudulmasına çalışır”, - deyə Brenner qeyd edib.

Politoloq vurğulayıb ki, amerikalılar xoşagəlməz hadisələri yaddaşdan silmək qabiliyyətinə malikdirlər: “Bu, təkcə Tramp dövrünə aid deyil, Vyetnamı xatırlayın”.