
BAKI, 13 mart. TELEQRAF
Avropa Parlamenti Avropa İttifaqının Ukraynanın təhlükəsizliyinin təmin edilməsində daha fəal rol alması ilə bağlı qətnamə layihəsini səsə qoyub.
Teleqraf xəbər verir ki, qanun layihəsi lehinə 442, əleyhinə 98 və bitərəf 126 səslə təsdiq edilib.
Qanun layihəsində vurğulanır ki, Aİ ölkəyə hərbi və maliyyə dəstəyini artıraraq, Ukraynanın ən böyük strateji müttəfiqi olmağa davam etməlidir.
Bundan başqa, sənəddə parlamentarilərin martın 11-də əldə edilən 30 günlük atəşkəs təklifini alqışladıqları və Rusiyanın bu razılaşmanı qəbul edib həyata keçirməli olduğu qeyd edilir. O cümlədən Ukraynada mülki şəxsləri, infrastrukturu və əraziləri hədəf alan hücumların dərhal dayandırılması tələb olunur və ABŞ-nin Rusiyanın təcavüzkar müharibəsinə münasibətində nəzərəçarpacaq dərəcədə dəyişikliyə, o cümlədən davam edən müharibədə Ukraynanı açıq şəkildə günahlandırmasına diqqət çəkilir.
Qanun layihəsində bildirilir ki, Aİ Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün konkret addımlar atmalıdır.