
BAKI, 10 mart. TELEQRAF
Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələri ölkənin şərqindəki Deyr əz-Zor əyalətində respublikanın devrilmiş prezidenti Bəşər Əsədi dəstəkləyən qrupların dörd liderini saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə regionun daxili təhlükəsizlik departamentinin rəhbəri Diya əl-Ömər məlumat verib.
Əl-Ömərin sözlərinə görə, saxlanılanlar Deyr əz-Zorda Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələrinin bazalarına hücumların hazırlanmasında iştirak ediblər.
Martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində təhlükəsizlik qüvvələri ilə respublikanın keçmiş prezidentinin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cebla şəhərində baş verib.
Son məlumatlara görə, Suriyanın qərbində vəziyyətin gərginləşməsi başlayandan bəri keçmiş prezidentin 250 silahlı tərəfdarı öldürülüb, yeni hakimiyyətin tabeliyində olan təhlükəsizlik qüvvələri isə 231 döyüşçünü itirib. Dinc sakinlər arasında ölənlərin sayı 800-ü ötüb. Onların əksəriyyəti ələvi icmasının üzvləridir.