
BAKI, 25 fevral. TELEQRAF
Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyan və müdafiəçiləri məhkəmə tərkibinə etiraz ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Məhkəmə Kompleksində keçirilən iclasda qeyd olunub.
Dövlət ittihamını müdafiə edən prokurorlar Vüsaql Əliyev və Fuad Musayev vəsatətə münasibət bildirərək qeyd ediblər ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərar qəbul olunub. Habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret hallarının müəyyən edilməsinə və həmin etirazın əsaslandırılmasının zəruri olmasına dair tələblər təkrarən xatırladılıb.
Vəsatətdə qeyd edilən məsələlərə dair konkret əsasların müəyyən olunmadığını bildirən prokurorlar etirazın baxılmamış saxlanılmasını xahiş ediblər.
Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.
Qeyd edək ki, Ruben Vardanyanın cinayət işinə Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə baxılır.