BAKI, 21 fevral. TELEQRAF

ABŞ-nin Birləşmiş Millətlər Təşkilatından (BMT) çıxması və onun maliyyələşdirilməsinin dayandırılması ilə bağlı qanun layihəsi Senata təqdim edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Bildirilib ki, bu təşəbbüsün müəllifi respublikaçı senator Mayk Lidir.

Layihə ABŞ-nin BMT və ona bağlı qurumlardan tam çıxmasını, eyni zamanda, onların Vaşinqton tərəfindən maliyyələşdirilməsinin dayandırılmasını nəzərdə tutur.

Bundan əlavə, Amerikanın BMT ilə baş qərargahın Nyu-Yorkda yerləşməsi barədə razılaşmasının ləğvi və BMT əməkdaşlarının ölkədəki diplomatik toxunulmazlığının aradan qaldırılması təklif edilir.

Layihəyə əsasən, Birləşmiş Ştatlar BMT-nin sülhməramlı missiyalarında da iştirak etməyəcək. Həmçinin, Senatın razılığı olmadan ABŞ hökumətinin BMT və onun qurumlarına yenidən üzv olmasına qadağa qoyulacaq.

Telekanalın məlumatına görə, respublikaçı konqresmen Çip Roy fevralın 21-də Nümayəndələr Palatasına oxşar təşəbbüslə çıxış edəcək. Onun fikrincə, sözügedən təşkilat və onun strukturları amerikalıların maraqlarına xidmət etmir.

Qeyd edək ki, ABŞ BMT-nin əsas maliyyə donorudur. 2022-ci ildə Vaşinqton təşkilata 18 milyard dollar ayırıb ki, bu da qurumun ümumi büdcəsinin təxminən üçdəbirini təşkil edir.

Yanvarın 20-də Prezident Donald Tramp Birləşmiş Millətlər Təşkilatının bir qurumu olan Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq qərarını artıq təsdiqləyib.