BAKI, 21 fevral. TELEQRAF

"Son dövrlər kibertəhlükəsizlik sahəsində qarşılaşdığımız təhdidlər artıq daha da qlobal xarakter alıb. Dövlət qurumlarına qarşı həyata keçirilən kiberhücumların qarşısı tam olaraq alınıb. Hücumlar əsasən məlumatları kənarda yerləşdirilən media qurumlarına qarşı olub”.

Teleqraf xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov bu gün Bakıda keçirilən “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı” tədbirində deyib.

O bildirib ki, təhdidlər təkcə texnoloji deyil, sosial və siyasi müstəvidə də özünü göstərir: Xüsusən süni intellekt vasitəsilə kiberhücumlar onlara qarşı mübarizəni daha da çətinləşdirir.

"Azərbaycanın informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illərdə Strategiya”sının həyata keçirilməsi üçün 2025-ci il ən əhəmiyyətli il hesab edilir. Məhz bu il strategiyanın əksər bəndlərinin icrasının başa çatması və ya son mərhələdə olması, bu sahədə görülən işlərdə əldə olunan nəticələrin mühüm olmasının göstəricisidir",- deyə, Allahverən İsmayılov qeyd edib.

O qeyd edib ki, son dövrlərdə kibertəhlükəsizlik sahəsində qarşılaşılan təhdidlər daha da mürəkkəbləşib. Artıq kibercinayətkarlar yalnız dövlət məlumatları və ya şəbəkələrini deyil, eyni zamanda, fərdi istifadəçiləri də hədəfə alırlar. Allahverən İsmayılovun sözlərinə görə, belə təhdidlərin qarşısını almaq üçün daha sıx əməkdaşlığa, daha çox təcrübə mübadiləsi və maariflənmə tədbirlərinə ehtiyac var.

"Yeni təhlükə tendensiyalarına diqqət etsək, müzakirə edilənlər arasında "deepfake" kimi yeni kibertəhlükəsizlik çağırışları, fişinq və s. kimi təhdidlər son dərəcə ciddi problem olaraq qalır. Bu kimi hücumlar sadəcə kiçik təşkilatlara deyil, böyük təşkilatlara da mənfi təsir edir",- deyə, o əlavə edib.