
BAKI, 21 fevral. TELEQRAF
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 8-ci növbədənkənar qurultayına hazırlıqlar davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyədə nəşr olunan “Yeni Şafak” qəzeti məlumat yayıb.
Nəşr AKP sədri, Prezident Tayyib Ərdoğanın hazırlıqları yaxından izlədiyini yazır.
Qurultaydan sonra hakim partiyanın regional təşkilatları, İdarə Heyəti və digər əsas qurumlarında böyük dəyişikliklərin olacağı bildirilir.
Prezident Ərdoğan bu həftə keçirdiyi toplantıda partiyada ediləcək ciddi dəyişikliklərə diqqət çəkmişdi. Partiyanın rəhbər heyətinin 50 faizdən çoxunun dəyişdiriləcəyi gözlənilir.
Məlumata görə, qurultayda əsasnamələrə kiçik dəyişikliklər də gündəmdə olacaq. Bu çərçivədə AKP-də sədr müavini vəzifələrinə yenisi əlavə ediləcək. Türk dövlətləri ilə əlaqələr üzrə sədr müavini postunun yaradılması ilə partiyada müavinlərin sayı 20-yə çatacaq. "Yeni Şafak" bunu "Ərdoğanın sürpriz qərarı" adlandırır.
“Son illərdə türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində addımlar atılır. Türk dövlətləri və ya türk dünyası ilə əlaqələr üzrə sədr müavini Türkiyə və qardaş ölkələr arasında əməkdaşlığı gücləndirməyə çalışacaq”, - nəşr vurğulayır.
Xatırladaq ki, hakim partiyanın qurultayı fevralın 23-də keçiriləcək.