TBİLİSİ, 15 fevral. TELEQRAF

Gürcüstanın müxalifyönlü “Mtavari arxi” (“Əsas kanal”) televiziya kanalı yayımını dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə telekanalın efirində yerləşdirilmiş elanda bildirilib.

Məlumata əsasən, buna səbəb kanalın maliyyə təminatında problemin yaranmasıdır. “Mtavari arxi”nin əsas tərəfdaşıiş adamı Zaza Okuaşvilidir.

"Yayımın bərpası üçün vəsait tapmağa çalışırıq", - elanda deyilir.

Qeyd edək ki, “Mtavari arxi” 2019-cu ilin sentyabrından yayıma başlayıb, qısa müddətdə Gürcüstanın ən reytinqli telekanallarından birinə çevrilib. Media qurumunun təsisçisi “Rustavi 2” telekanalının keçmiş baş direktoru, müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Nika Qvaramiyadır.