BAKI, 11 fevral. TELEQRAF

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) prezidentliyə namizədini müəyyən etmək üçün martın 23-də üzvləri arasında səsvermə keçirəcək.

Teleqraf xəbər verir ki, partiyanın Ali Məclisi dünən seçkiqabağı gündəmlə bağlı iclas keçirib.

Məclisin gündəliyindəki əsas mövzu növbədənkənar seçki olub. İlkin seçki təqvimi təsdiqlənib və namizədlik meyarları müəyyən edilib.

CHP - də prezidentliyə namizədliyi üçün adları çəkilən Ankara və İstanbul bələdiyyələrinin sədrləri Mansur Yavaşla Əkrəm İmamoğlu fevralın 9-da partiya sədri Özgür Özəllə görüşüblər.

Yavaş görüşdə Özələ ilkin seçkilərə qatılmayacağını bildirib.

CHP sədri bundan əvvəl prezidentliyə namizədlərin müəyyənləşdirilməsi prosesinə başladıqlarını və bu məqsədlə partiya daxilində ilkin seçkilər keçirəcəklərini açıqlamışdı. İmamoğlunun bu qərara müsbət baxdığı, Yavaşın isə etiraz etdiyi iddia olunur.

Xatırladaq ki, növbədənkənar seçkilər olmasa, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək.