BAKI, 11 fevral. TELEQRAF

Ukrayna silahlı qüvvələrinin keçmiş baş komandanı, hazırda bu ölkənin Böyük Britaniyadakı səfiri olan Valeri Zalujnı sülhün bərqərar olması məsələsində ABŞ Prezidenti Donald Tramp üçün ukraynalı həmkarı Volodimir Zelenskidən daha uyğun fiqur ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Amerika kanalı bildirir ki, atəşkəs olacağı təqdirdə Ukraynada seçkilərin keçirilməsi zərurəti ilə bağlı son müzakirələr Zelenskinin gələcəyi ilə bağlı spekulyasiyalar yaradıb.

“Zelenski artıq qarşısıalınmaz bir fiqur deyil”, - materialda deyilir.

CNN-nin fikrincə, ilkin atəşkəs Zelenskinin kənara çəkilməsi ilə nəticələnə və Trampa Ukraynanın yeni lideri ilə daha geniş bir razılaşmanı müzakirə etməyə imkan verə bilər.

“Zalujnı Moskva ilə ideal olmayan razılaşmayla Ukrayna silahlı qüvvələrinin loyallığını təmin edə bilər”, - mənbə vurğulayır.

Məqalədə qeyd olunur ki, Rusiyanın belə bir ssenaridə maraqlı olub-olmadığı məlum deyil.

General Zalujnı qarşıdan gələn seçkilərdə Zelenskinin potensial əsas rəqibi hesab olunur. Ölkədə keçirilən sorğunun nəticələrinə görə, keçmiş baş komandan seçkilərin ikinci turunda hazırkı prezidentə qalib gələ bilər. Mənbələrin fikrincə, Zelenskinin administrasiyası Zalujnını namizədliyini irəli sürməməyə razı salmağa çalışır.