BAKI, 10 fevral. TELEQRAF

Misir, Qətər və ABŞ İsraillə Fələstinin HƏMAS hərəkatı arasındakı atəşkəs razılaşmasının təminatçısıdır. Vaşinqton bu razılaşmanın müddəalarına əməl etməsi üçün İsrailə təzyiq göstərməlidir.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“İsrail Baş naziri Netanyahu Amerikanın dəstəyi ilə yenidən müharibəyə başlasa, artıq dibə vurmuş Amerikanın nüfuzu daha da aşağı səviyyəyə düşəcək və beynəlxalq sistemdəki bu əyrilik böhranın davam etməsini təmin edəcək”, - nazir belə deyib.

İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla birlikdə “Yaxın Şərqin yeni xəritəsi”ni çəkmək üçün Vaşinqtona gedə biləcəyi ilə bağlı açıqlamasına gəlincə, Hakan Fidan region xalqlarının şərəfli olduğunu və belə layihələri çox gördüklərini, amma sonda bunların tarixin zibilliyinə atıldığını söyləyib.

O, bu proyektin də baş tutmayacağını vurğulayıb.