Romada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Baydenin ikitərəfli görüşü keçirilib.

Teleqraf.com xəbər verir ki, görüş “Böyük iyirmiliyin” (G20) Liderlərinin Sammiti çərçivəsində baş tutub.

Görüşdə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken iştirak edib.

***

13:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş başlayıb.

Teleqraf.com xəbər verir ki, “Böyük İyirmilik” (G20) ölkələri liderlərinin Roma sammiti çərçivəsində görüşən liderlər kameralar qarşısında qısa salamlaşdıqdan sonra görüş otağına yollanıblar.

Görüş zamanı ABŞ istehsalı olan taktiki-qırıcı təyyarələr (F-15) və müdafiə sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı bildirilir.

Amerikalı jurnalistin "Türkiyəyə F-16-ları verməyi düşünürsünüzmü?" sualına ABŞ prezidenti C.Bayden “Yaxşı görüş keçirməyi planlaşdırırıq” deyə cavab verib.

Bağlı qapılar arxasında keçirilən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edir.

Ərdoğan daha əvvəl bildirmişdi ki, Cozef Baydenlə qarşıdakı danışıqların əsas mövzusu Türkiyənin beşinci nəsil F-35 təyyarələrinin hazırlanması proqramında iştirakı məsələsi olacaq.

Türkiyə və ABŞ liderləri sonuncu dəfə iyun ayında Brüsseldə NATO sammiti çərçivəsində görüşüblər.