BAKI, 11 mart. TELEQRAF

Azərbaycanın qadın boksçusu Aynur Mikayılova Serbiyanın Niş şəhərində keçirilən dünya çempionatında ilk görüşünü keçirib.

Teleqraf xəbər verir ki, 57 kq çəki dərəcəsində rəqib əfqanıstanlı Xurşid Mohammadi olub.

Mikayılova elə ilk raundda aşkar üstünlüyə yiyələnərək, rəqibini nokautla məğlub edib. Mohammadi ardıcıl zərbələr qarşısında duruş gətirə bilməyib və hakim qarşılaşmanı dayandırmalı olub.

1/8 finalda rəqib Avropa çempionatının və Paris-2024 Yay Olimpiya Oyunlarının türkiyəli bürünc medalçısı Esra Yıldız Kamraman olacaq.

Qeyd edək ki, Aynur Mikayılova adını növbəti mərhələyə yazdıran Azərbaycanın üçüncü boksçusudur. Daha əvvəl Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) da ilk görüşlərini qələbə ilə başa vuraraq, 1/8 finala yüksəlib.